Aİ-Azərbaycan Biznes Forumu hibrid formada keçiriləcək

Aİ-Azərbaycan Biznes Forumu hibrid formada keçiriləcək
# 04 may 2022 16:02 (UTC +04:00)

Azərbaycanda “Avropa günü”nün qeyd olunması ilə bağlı tədbirlər keçiriləcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, pandemiya ilə bağlı son iki ildə ənənəvi tədbirlər təxirə salınıb, ancaq bu il müəyyən tədbirlər planlaşdırılıb.

Diplomat qeyd edib ki, pandemiya dövründə rəqəmsal platformaların potensialından istifadə olunub, gələcəkdə də həm rəqəmsal platformaların imkanlarından istifadə olunacaq, həm də ənənəvi tədbirlər keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına Aİ haqqında məlumatlar veriləcək.

Peter Mixalko vurğulayıb ki, mayın 12-də ADA Universitetində Aİ ilə bağlı debatlar və seminarlar təşkil olunacaq: “Tələbələrin, gənc dövlət qulluqçularının iştirakı ilə debatlar təşkil olunacaq. Bu seminarlarda, Aİ-yə üzv ölkələrin səfirləri də iştirak edəcək”.

Aİ diplomatı əlavə edib ki, mayın 14-də Avropa mədəniyyətini və ənənələrini nümayiş etdirmək üçün Dənizkənarı Bulvarda açıq havada “Avropa Şəhərciyi” adlı tədbir keçiriləcək. O bildirib ki, gələcəkdə bu tədbirin Azərbaycanın müxtəlif regionlarında keçirilməsi planlaşdırılır.

Peter Mixalko xatırladıb ki, mayın 17-də isə Aİ-Azərbaycan Biznes Forumu təşkil olunacaq: “Bu, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək, səmərəli əlaqələr yaratmaq, şirkətlər arasında fikir mübadiləsi aparmaq, iqtisadiyyatın şaxələndirilməsi və maarifləndirilməsini dəstəkləmək məqsədi daşıyan beynəlxalq tədbirdir”.

Səfir deyib ki, forum hibrid formada baş tutacaq. İştirakçılar həm onlayn formatda, həm də canlı şəkildə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR