Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,1% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,1% artıb
# 10 iyun 2022 13:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 mlrd. manatlıq, o cümlədən 10,1 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,8% artıb.
2022-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 13%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ilin yanvar-may aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1%, bazar və yarmarkalarda 6,9% artıb, fərdi sahibkarlar üzrə isə 1,6% azalıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq, o cümlədən 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,0 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR