Azərbaycanla Türkiyə yeni sahələrdə əməkdaşlıq edə bilər

Azərbaycanla Türkiyə yeni sahələrdə əməkdaşlıq edə bilər
# 16 sentyabr 2019 18:41 (UTC +04:00)

Türkiyənin iş adamları Azərbaycan biznesinin digər bazarlara çıxmasına dəstək ola bilərlər. Bunu "APA-Economics"ə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya, Ukrayna və MDB-nin bir sıra ölkəsində çox güclü mövqeləri var və Azərbaycanla Türkiyənin iş adamları bir birlərinə bu bazarlarda dəstək ola bilərlər.

"Eyni zamanda, Türkiyənin iş adamları Azərbaycanın iş adamlarına Balkanlara, Afrikaya, Yaxın Şərqə, Avropa bazarlarına çıxışına dəstək ola bilərlər. Türkiyə ilə Azərbaycan arasında bildiyimiz kimi, hər bir sahədə münasibətlər ən yüksək səviyyədədir. Bu öz təsirini iqtisadiyyata da göstərir", - deyə səfir qeyd edib.

X. İbrahimin sözlərinə görə, Türkiyədə Azərbaycan enerji sahəsində ən böyük yatırımçıdır. Eyni zamanda, Türkiyədə Azərbaycan iş adamları həmçinin müxtəlif fərqli sahələrdə də yatırımlar edir.

"Bunların sırasına inşaat, turizm və digər qeyri-enerji sahələri daxildir. Eyni cür də Azərbaycanda. Azərbaycanda Türkiyənin iş adamları bunların üstünə, təbii ki, daha çox inşaatda, yüngül sənayedə yer alırlar. Nəzər salsaq, görərik ki, Azərbaycan dövlətinin verdiyi kontraktlarda, layihələrdə Türkiyə iş adamları çox önəmli yer alırlar, bu da, təbii ki, biznes məsələsi olmaqla yanaşı, qardaş Türkiyəyə verilən bir dəstəkdir", - deyə X. İbrahim bildirib.

Səfirin həmçinin əlavə edib ki, bu gün müxtəlif yeni sahələr var ki, bu sahələrdə əməkdaşlıq mümkündür.

"İki ölkədə informasiya texnologiyaları sahəsində böyük işlər görülür. Məsələn, Türkiyədə Azərbaycanın iş adamları var ki, onlar sənayenin elə bir sahələrinə yatırımlar ediblər ki, elə bir texnologiya gətiriblər ki, bəlkə də, omlar Türkiyədə bu günədək olmayıb. Həmçinin Azərbaycanda – Türkiyədə icad olunan və yaxud Türkiyənin başqa bir yerdən aldığı aparıcı texnologiyalar var", - deyə X. İbrahim qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR