"Baku Steel Company" haqqında yayılan əsassız məlumatlara cavab verib

"Baku Steel Company" haqqında yayılan əsassız məlumatlara cavab verib
# 28 dekabr 2021 15:05 (UTC +04:00)

"Baku Steel Company" bəzi KİV-lərə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Bir sıra KİV-lərdə "Baku Steel Company" MMC-nin 2021-ci ildə "Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqələrinin qalib olması və şirkətin metropolitenə armatur və katanka satacağı barədə xəbərlər yayılıb.

Lakin təəssüf edirik ki, xəbərlərdə rəsmi məlumatlarla yanaşı, heç bir əsası və sübutu olmayan, faktlara söykənməyən, subyektiv fikirlərə və daha öncə KİV-lərdə "qara PR" əsasında yayılmış şayiələrə əsaslanan, eyni zamanda təhrif olunmuş formada təqdim edilən məqamlar da yer alıb. Bununla da keçirilən tenderin şəffaflığı sübhə altına alınır.

"Baku Steel Company" MMC olaraq rəsmi şəkildə bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və şirkətin tenderlərdə iştirakı zamanı qanunvericiliyin tələblərinə tam riayət olunub.

Hesab edirik ki, BSC haqqında bu cür xəbərlərin yayılması şirkətin 2021-ci il ərzində əldə etdiyi uğurların bəzi qüvvələr tərəfindən həzm edilməməsinin nəticəsidir.

Bu cür xəbərləri tirajlayan KİV-lərdən Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələblərinə əməl etmələrini, dəqiqləşdirilməmiş, sübut və faktlara söykənməyən, həmçinin qarşı tərəfin mövqeyinin əks olunmadığı materialları yaymaqdan çəkinməyi xahiş edirik. Bildiririk ki, gələcəkdə bu cür hallar baş verəcəyi təqdirdə "Baku Steel Company" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun ölçü götürülməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR