“Baku Steel Construction” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” şirkətin hesabatına istinadən xəbər verir ki, ASC-nin ötən il xalis zərəri artıb.
2021-ci ildə “Baku Steel Construction”ın sair gəlirləri 156,3 min manat (dəyişməyib), inzibati xərcləri isə 329 min manat (29,5% çox) olub.
Şirkətin gəlirlərinin stabil olması fonunda inzibati xərclərinin artması onun xalis zərərini də artırıb. Belə ki, “Baku Steel Construction”ın ötən il üzrə xalis zərəri 172,7 min manata çatıb. Bu da əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. 2020-ci ildə şirkət 98,2 min manat xalis zərər açıqlamışdı.
31 dekabr 2021-ci il tarixinə ASC-nin cəmi aktivləri 6,7% azalaraq 12,520 milyon manata, cəmi kapitalı isə 17,9% azalaraq 5,702 milyon manata enib.
Əksinə, “Baku Steel Construction”ın cəmi öhdəlikləri isə 5,3 % artaraq 6,817 milyon manata yüksəlib.