Hacıqabulda tullantılardan gübrə istehsal olunacaq

Hacıqabulda tullantılardan gübrə istehsal olunacaq
# 27 fevral 2023 15:58 (UTC +04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən "Provive" MMC fəaliyyətə başlayıb.

"APA-Economics" İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaydığı məlumata istinadən xəbər verir ki, İZİA idarə heyətinin sədri Elşad Nuriyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov müəssisənin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara 2-ci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq ki, nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.

İnvestisiya həcmi 2,3 mln. manata yaxın olan müəssisədə 20-ə yaxın daimi iş yeri yaradılacaq. Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir. "Provive" MMC-yə 2020-ci ilin fevralında Hacıqabul Sənaye Məhəlləsində rezidentlik statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR