İran Azərbaycanla əməkdaşlığın inkişafına dair proqram hazırlayıb

Əlirza Peymanpak

© APA | Əlirza Peymanpak

# 20 aprel 2022 16:20 (UTC +04:00)

İran Azərbaycanla ticarətin həcmini artırmaq məqsədilə sərhədyanı bölgələri və tranzit yolları inkişaf etdirməyi planlaşdırır.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın iqtisadiyyat nazirinin müavini və bu ölkənin Ticarətin İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak deyib.

“Biz hazırda Astara sərhədində infrastrukturun inkişaf etdirilməsinə çalışırıq. Bundan başqa, Şimal-Cənub dəhlizi çərçivəsində Rusiya ilə də digər sərhədlərin açılması və fəaliyyətini genişləndirməsini müzakirə etmişik”, - bildirib.

Əlirza Peymanpak qeyd edib ki, Avrasiya ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində bir neçə milyard dollarlıq potensial mövcuddur: “Buna görə bütün yollar və sərhədlərin imkanlarından istifadə etməyə ehtiyac var”.

Peymanpak Azərbaycanla iqtisadi əməkdaşlığın əhəmiyyətindən danışıb və əlavə edib ki, İran hazırda müxtəlif ölkələrdə səfirliklərdə fəaliyyət göstərən iqtisadi müşavirləri dəyişir: “Bizim üçün prioritet müxtəlif ölkələrdəki səfirliklərimizdə fəaliyyət göstərən iqtisadi müşavirləri dəyişməkdir. Lakin Azərbaycanla bağlı iqtisadi müşaviri dəyişmədik və o, işini davam etdirir.

Biz ona fəaliyyətini genişləndirmək üçün bəzi səlahiyyətlər də verdik. Bu bizim Azərbaycanla əməkdaşlığa verdiyimiz önəmdən irəli gəlir”.

O diqqətə çatdırıb ki, İran ölkənin şimalında yerləşən region ölkələri, xüsusilə, Azərbaycan və Rusiya ilə əməkdaşlığın inkişafı üçün çox əsaslı bir proqram hazırlayıb və bu sahədə öz hədəflərinə çatmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR