"Market şəbəkələrinin əsassız tələbləri toyuq ətini bahalaşdırır" - MÜSAHİBƏ

"Market şəbəkələrinin əsassız tələbləri toyuq ətini bahalaşdırır" - MÜSAHİBƏ
# 27 may 2022 17:55 (UTC +04:00)

Qlobal ərzaq qiymətlərinin artması yerli bazarda istehsal olunan məhsullarla bağlı vəziyyəti də gündəmə gətirib. “APA-Economics” bu dəfə yerli quş əti və yumurta istehsalı, bazarda mövcud qiymətlər və onlara təsir edən amilləri “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Mürvət Həsənli ilə müzakirə edib:

“İlin əvvəlindən toyuq əti 10%-ə qədər bahalaşıb”

- Mürvət bəy, son dövrlər quş ətinin qiymətində artım hiss olunur. Bu, nə ilə bağlıdır?

- Bəli, ilin əvvəli ilə müqayisədə quş ətinin qiymətində 10%-ə qədər bahalaşma müşahidə edilir. Bilirsiniz ki, pandemiyadan sonra qlobal ərzaq qiymətləri artır. Bunlara müəyyən mənada təsir edən amillərdən biri loqistik xərclərin artmasıdır. Yükdaşıma xərclərinin artmasının özünün də təsiri var. Digər tərəfdən qiymətlərin artmasına təsir edən əsas amil ərzağa təklifin azalması tələbatın artmasıdır. Eyni vəziyyət quş əti və yumurta istahsalında da müşahidə edilir. Quş ətinə tələbin artması məhsulun qiymətinin artmasına təsir edib. Ötən ilə nisbətən bu il bazarda təklif 5-10% civarında artıb, amma tələbat ondan daha çox artıb.

"Azərbaycanın tələbatını ödəmək üçün illik 150 min ton quş əti lazımdır"

Ümumiyyətlə, illər üzrə müqayisə aparsaq, 2007-ci ildə quş ətinə illik adambaşına tələb 1,5 kiloqram idisə, bu gün 15 kiloqramdır. Yəni, Azərbaycanda tələbatı qarşılamaq üçün illik 150 min tondan çox quş əti lazımdır. Bunun 93-95%-i artıq istehsal olunur. Hesab edirəm ki, bu il yemlə bağlı problem olmasa, ilin sonuna quş əti ilə təminat 100%-dən çox olacaq. Yumurta istehsalı isə ölkə tələbatının 130%-ni təşkil edir. Hazırda gündəlik yumurta tələbi 3,6 milyon ədəddir, istehsal isə 5 milyon ədəddən çoxdur. Hazırda anbarlarda 45-50 milyon ədəd yumurta saxlanılır. Həmin yumurtanın artıq ixrac potensialı reallaşır.

"Yerli yumurta Qətər, İsrail və Səudiyyə Ərəbistanına ixrac ediləcək"

Hazırda yerli istehsalçılarımız ixracla bağlı Qətərlə müqavilə imzalayıb. Səudiyyə Ərəbistanına da yumurta ixrac etmək istəyirik, amma əvvəlcə dövlətlərarası sənədləşmə ilə bağlı problem aradan qaldırılmalıdır. Bundan əlavə, İsrail Azərbaycandan yumurta idxal etməklə bağlı müraciət edib. Rusiyada isə iri market şəbəkəsi illik 6,8 milyon ədəd yumurta istəyir. Bu da bizə imkan verəcək ki, ölkədə artıq yumurta istehsalını ixraca yönəldək. Hesab edirəm ki, Azərbaycan illik 600 milyon ədəd yumurta ixrac etmək gücündədir. Bəlkə də, yem problemimiz olmasa, fabriklər daha çox yumurta istehsal edib ixraca yönəldə bilər.

- Quş ətinə tələbin kəskin artması nə ilə bağlıdır?

- Bu quş ətinin qırmızı ətlə müqayisədə sağlamlığa daha xeyirli və ucuz olması ilə bağlıdır. Digər tərəfdən qırmızı ətin getdikcə bahalaşması toyuq ətinə olan tələbi artırıb. Yemin qiymətinin dünya bazarında artması, soyanın tonunun 1200 manatdan 1550 manata, qarğıdalının 550 manatdan 680 manata yüksəlməsi, o cümlədən buğdanın bahalaşması, günəbaxan yağının qiymətinin 3000 manatdan 5050 manata kimi yüksəlməsi son nəticə olaraq toyuq ətinin bahalaşmasına da təsir edib. Çünki, quş ətinin maya dəyərinin 70%-ni yem təşkil edir.

- Şəbəkə marketlərin qiymət artımında rolu hansı şəkildədir?

- Bəli, şəbəkə marketləri həm marjanı çox yüksək təyin edirlər, həm də digər lazımsız tələblər qoyurlar. Bununla bağlı “Veysəloğlu Qrup”la görüşdük. Çox işgüzar görüş oldu və iradlarımızın böyük hissəsini qəbul etdilər və yerindəcə həll etdilər. Digər market şəbəkələrinə görüş təklif etmişik, hələlik, hər hansı reaksiya verilməyib.

- Şəbəkə marketlərdən əsas istəkləriniz nələrdir?

- Ən böyük tələblərimizdən biri bu idi ki, quş əti rəf ömrünü keçən zaman onun pulunun ödənilməsi bir həftə içində təmin edilsin. Yəni, təzə kəsilmiş toyuğu bazara çıxarırıq, market onu bir həftə ərzində ya satmalıdır, ya da geri qaytarmalıdır. Satılan məhsulun da pulu dərhal ödənilməlidir ki, biz yemi nisyə və baha almayaq, son nəticədə də ətin qiymətinə təsir etməsin.

"Rahat" Supermarketlər Şəbəkəsinin soyuducularla bağlı ciddi problemləri var"

- Digər marketlərdə, məsələn, "Rahat" Supermarketlər Şəbəkəsində böyük texniki problem var. Məsələn, soyuducularda problem olduğu üçün məhsulların geri qaytarılma faizi artır. Dünyada geri qaytarılma 1-2%-dir. Bunlarda bu rəqəm 8-10%-ə çıxır. Niyə? Çünki saxlaya bilmirlər, o rəfləri, o soducuları təşkil edə bilməyiblər. Qaytarılma faizinin artması, nəticədə quş ətinin qiymətlərinə təsir edir. Bununla bağlı “Rahat” marketlər şəbəkəsinə dəfələrlə yazmışıq, hələ görüş təşkil edə bilmirik.

"Market şəbəkələri bəzən ödənişi 3 aya qədər gecikdirir"

Digər tərəfdən, şəbəkələr aldıqları toyuq ətinin ödənişini bəzən 3 aydan sonra köçürürlər. Müqavilədə ödəniş həyata keçirilməsi müddəti 30 gün göstərilir. Amma biz istəyirik ki, ödəniş quş ətinin rəf müddətindən sonra dərhal həyata keçirilsin. Hazırda “Bravo”dan başqa digər bütün market şəbəkələri ödənişləri gecikdirir. Artıq “Araz” və “Oba” market şəbəkələri ödənişləri vaxtında həyata keçirməyə başlayıb. "Bizim Market”, “Neptun”, “Rahat”, “Grandmart”, “Bolmart” və digər şəbəkələrlə artıq görüşüb problemi həll etmək istəyirik. Ya görüşmək istəmirlər, ya da problemləri həll edib görüşmək istəyirlər. Amma görüş mütləq olmalıdır ki, toyuq ətinin qiymətinin artmasının qarşısı alınsın.

"Market şəbəkələri reklam xərclərini istehsalçıların hesabına qarşılamaq istəyir"

Digər problem ondan ibarətdir ki, öz şəbəkələrinin reklam xərclərini bizdən çıxmaq istəyirlər. İstəyirlər ki, televiziyalara verilən reklam xərclərinin bir hissəsini quş əti istehsalçıları qarşılasın. Bundan əlavə qeyd edirlər ki, sizin məhsulları ön rəfə yığacağıq və bunun üçün 1% verilməlidir və yaxud biz yeni mağaza açacağıq, yeni məhsullarınızın tanıtımı üçün hər çeşidə görə 300-400 manat ödəniş edin. Yəni, bütün sadalananlar müəyyən mənada ət məhsullarının qiymətlərinin qalxmasına səbəb olur. Bunun qarşısı almaq üçün dövlət qurumları ilə müştərək işləyirik. AQTA, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna çox ciddi nəzarət edir. Bu qurumlarla görüş keçirib marketlər şəbəkələrinin əlavə marjalarından imtina etmələri üçün öz istəyimizi bildirmişik. Yəni, 12-13%-lik marja şəbəkələrə kifayət etməlidir. İnanırsınız, quş əti istehsalçılarının marjaları 5-7%-i keçmir. Belə olan halda, qarşı tərəfin marjası 35-40%-ə çatırsa, bu təbii ki, ciddi problem deməkdir.

- Dövlət qurumları ilə keçirilən görüşlər problemin həllində nə dərəcə effektiv olub?

- Təsiri odur ki, Artıq “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan şəbəkələrlə problem aradan qaldırılıb. Digər şəbəkələrlə də görüşüb məsələni yoluna qoymağa ümid edirik.

- Belə çıxır ki, toyuq ətinin bahalaşması daha çox süni amillərlə bağlıdır?

- Bəli, haqlı səbəblər olarsa, qiymətləri artırmaq olar. Amma haqsız səbəblər varsa, bunun həm şəbəkələr, həm də dövlət qurumları tərəfindən qarşısı alınmalıdır.

- Niyə xaricdən gətirilən quş əti məhsullarına qarşısınız? Axı, yerli məhsullarla müqayisədə daha ucuz satılır.

- Bunlar əsasən hazırda Belarusdan gətirilən sümüyü ətindən ağır olan yumurtadan kəsilib çıxdaş edilən toyuqlardır, ya da xəstəlik keçirən sürülərdir. 700-800 qramlıq toyuqların kəsilməsi rentabelli deyil. Xəstəlik keçirirsə, fabrik sahibi dərhal kəsimə göndərir ki, başqa ölkələrə ixrac edib pul qazansın. Bizim işbazlar bundan istifadə edib gətirirdi. Biz bunun qarşısını aldıq. Bir neçə marketlər şəbəkəsində hətta kənd toyuğu adı ilə satırlar. Amma istehsalçı ya Gürcüstan, yaxud Belarusdakı firmadır. Gürcüstandakı firmaların ixrac potensialı ilə istehsal potensialı uyğun deyil. Məsələn, 20 milyon yumurta istehsal edilirsə, Azərbaycana ixracı 30 milyondan çoxdur.

"Gürcüstan Azərbaycana məhsul satır, amma Azərbaycan məhsullarına böyük həcmdə rüsum tətbiq edir"

- Onda belə çıxır ki, xaricdən alıb Azərbaycana satırlar?

- Bəli, xaricdən alırlar və MBD ölkəsi olduğumuz üçün gömrük rüsumu tətbiq edilmir və həmin məhsullar Azərbaycanda ucuz təklif edilir. Hələlik bunun qarşısını almaq mümkün deyil. Amma Azərbaycan istehsalçıları Gürcüstana yumurta ixrac etmək istəsə, qarşı tərəf dərhal şərt qoyur və bildirir ki, bizdə müəyyən edilən kvota dolub. Kvotadan artıq ixrac etmək istəyirsizsə, gömrük rüsumu ödəməlisiniz. Amma Gürcüstan Azərbaycana qarşı istədiyi həcmdə məhsul sata bilir. Çox maraqlı bir tendensiyadır. Orda bir qutu yumurtanın qiyməti 68 manat, bizdə isə 30 manatdır. Yəni, biz Gürcüstana satmaq istəsək üzərində 35 manat idxal vergisi verməli və digər logistik xərclər ödəməliyik ki, məhsulu orada sata bilək. Bu məsələ özü də tənzimlənməlidir.

"Azərbaycanda daxili ticarətin tənzimlənməsi ilə bağlı qanun qəbul ediləcək"

- Məsələ necə tənzimlənməlidir?

- Yaxın bir il ərzində daxili ticarətin tənzimlənməsi haqqında qanun qəbul ediləcəyini gözləyirik. Daxili ticarətin tənzimlənməsi haqqında qanunu artıq Rusiya, Türkiyə və digər ölkələr qəbul edib. Bu o deməkdir ki, istehsal müəssisələri ilə satış müəssisələri arasında münasibət tənzimlənir və buna dövlətin nəzarəti olur. Yəni, toyuq əti və yumurta birinci dərəcəli ərzaq məhsuludur və bunların rəf ömrü qədər vaxtı var. Rəf ömrünü keçdisə onun pulu ödənilməlidir. Ödəməyənlər vergi cəriməsinə düşəcək. Bu qanun qəbul edilsə, həm istehsalçılara böyük dəstək olacaq, həm qiymətlərin artmasının qarşısını alacaq.

Məsələ ilə bağlı Milli Məclisə müraciət etdik. Ordan bildirdilər ki, sözügedən qanun layihəsi ilə bağlı işlər gedir. Bizi dinləmələrə dəvət edəcəklər.

- Sizcə yemlə bağlı idxaldan asılılıq necə aradan qaldırıla bilər?

- Düşünürəm ki, işğaldan azad edilən ərazilərdə əkilən arpa, qarğıdalı istehsalı güclənəcək və yaxın 3-4 ildə öz yem tələbatımızı ödəyəcəyik. Amma bunu buğdaya şamil etmirəm. Çünki bu sahədə istehlak getdikcə artır. Məsələ bununla da bitmir. Çünki yem məhsullarının istehsalı üçün gübrələrin, toxumların və digər məhsullarla bağlı yenə də xaricdən asılıyıq. Hazırda quş əti istehsalı üçün yemə illik tələbat 380-400 min tondur. Hesab edirəm ki, bu istiqamətdə işlər gedir. Məsələn, bu yaxınlarda hökumət yem və yem əlavələrinə olan dövlət rüsumunu ləğv etdi. Gözləyirik ki, soyanın üzərində olan əlavə dəyər vergisi də götürülsün. Çünki quş ətinin qiymətinə təsir edən məhsullardan biri də soyadır və yerli istehsal tələbatın 5-10%-ni təmin edə bilmir.

- Qış aylarında yumurta bahalaşır, yayda isə qiymətlər aşağı düşür. Qiymətlərdəki bu valotillik nə ilə bağlıdır?

- İstənilən məhsulun qiymətini ilk növbədə onun maya dəyəri, tələb və bir də bazardakı rəqabət müəyyən edir. Azərbaycan bazarında əsas yumurta istehsalçıları ciddi rəqabət şəraitində işləyirlər. Yumurtanın qiyməti artan kimi 6 ay müddətində yeni sürüləri artırırlar və qiymət stabilləşir. İkincisi, xarici bazara satılan yumurta daxili bazara satılan yumurtadan hər zaman ucuz olur. Niyə? Xarici bazarda ən ucuz yumurta Ukraynada istehsal olunur. Ortalama xərci 4-5 qəpik təşkil edir. Amma Azərbaycanda yumurtanın maya dəyəri 14-15 qəpikdir. Çünki Ukraynada yem ucuzdur. Bizdə bir ton qarğıdalının istehsalının maya dəyəri 350 manata yaxındırsa, onlarda 150 manatı keçmir. Yəni xarici bazarda rəqabət aparmaq üçün mütləq ucuz yumurta satılmalıdır. Xarici bazara satılan qiyməti də daxili bazara hər zaman təsir edir. Yəni, yerli bazarda yumurtanın qiyməti artan zaman xaricdən bura yumurta idxalı arta bilər. Ona görə də bizim yumurta istehsalçıları bu həddi gözləyirlər və tənzimləyirlər ki, qiymətlər artmasın. Bu, eynilə quş əti məhsullarına aiddir.

- Toyuqların halal kəsimi məsələsində qeyri-müəyyənlik var. Ümumiyyətlə, toyuqların kütləvi şəkildə halal kəsimini həyata keçirmək mümkündürmü? Yerli istehsalçıların bununla bağlı imkanları hansı şəkildədir?

- Ölkədə əsas quş əti istehsalçıları, yəni iri fabriklər tam şəkildə bu qaydalara əməl edirlər. Kəsim zamanı toyuğun üzü qiblə istiqamətinə tutulması, qanın tam axıdılması və için tam yuyulması qaydalarına riayət olunur. Kəsimlə bağlı yerli fabriklərdə video çəkilişlər də var, baxa bilərsiniz. Orada konveyerlər qurulub və kəsimi eyni vaxta bir neçə işçi həyata keçirir. Bir saatdan bir bu işçilər dəyişilir. Baş kəsildikcə, toyuqlar su vannasına, daha sonra yolunma, için çıxarılması, daha sonra kəsim və ya doğranma prosesinə yönəldilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR