Mikayıl Cabbarovun Siyarto ilə müzakirə etdiyi məsələlər açıqlanıb

Mikayıl Cabbarovun Siyarto ilə müzakirə etdiyi məsələlər açıqlanıb
# 25 yanvar 2023 13:38 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə tərəfdaşlığın genişləndirilməsi üçün çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı, iqtisadi-ticarət əməkdaşlığının inkişafı qeyd edilib. İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, qarşılıqlı faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür. Ölkəmizdə yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər əczaçılıq sahəsində də tərəfdaşlığı genişləndirə, dərman vasitələrinin birgə istehsalını təşviq edə bilər.

İqtisadiyyat naziri Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verib, Macarıstan şirkətlərini ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edib.

Görüşdə iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR