Nazir müavini: Dördüncü sənaye inqilabı ərəfəsindəyik

Nazir müavini: Dördüncü sənaye inqilabı ərəfəsindəyik
# 27 aprel 2022 12:23 (UTC +04:00)

Qlobal çağırışlara uyğun olaraq rəqəmsal transformasiyasının sürətləndirilməsinin aktuallığı və əhəmiyyəti getdikcə artmaqdadır.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

"Dördüncü sənaye inqilabı ərəfəsində yaşayırıq və qlobal çağırışlara uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsi məqsədi ilə rəqəmsal transformasiyanın sürətləndirilməsinin aktuallığı və əhəmiyyəti getdikcə artmaqdadır", - deyə, nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə dünya ölkələri rəqəmsal iqtisadiyyatların formalaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin, innovasiyaların daha geniş tətbiq edilməsinə diqqət yetirir və bu istiqamətdə tədbirlər həyata keçirirlər.

Sahib Məmmədov onu da əlavə edib ki, COVID-19 pandemiyası bu prosesi sürətləndirib:

"Bunu nəzərə alaraq, ötən il Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi vəziyyətininin təhlil edilməsi məqsədilə layihə həyata keçirməyə başladı. Bu layihə çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər təhlil edildi və yekun hesabat hazırlandı”.

Qeyd edək ki, bu gün sözügedən hesabatla bağlı təqdimat keçirilib. Eyni zamanda, bu gün COVID-19 pandemiyasından sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsinə dair hesabatın təqdimatı da keçirilib.

Nazir müavininin sözlərinə görə, bu hesabatların əsas məqsədi ölkədə kiçik və orta biznesin rəqabətqabiliyyətliliyinin artırılması, onların fəaliyyətlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, bununla da ölkə iqtisadiyyatının inkişafında özəl sektorun payının daha da artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR