Nazir: "Türkiyə ötən il ixracatda tarixi uğur qazanıb"

Mehmet Muş

© APA | Mehmet Muş

# 17 yanvar 2022 18:18 (UTC +04:00)

2021-ci ildə Türkiyə ixracatda tarixi uğur qazanıb. Ötən il ölkənin ixracatı tarixdə ilk dəfə olaraq 200 mlrd. ABŞ dollar həddini keçib və 32,9% artaraq 225,4 mlrd. dollara çatıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Mehmet Muş bildirib.

Onun sözlərinə görə, ötən il Türkiyənin ixracı 2002-ci illə müqayisədə 6 dəfədən çox artıb, o zaman bu rəqəm cəmi 36 mlrd. dollar təşkil edirdi.

Nazir ölkə iqtisadiyyatında müsbət dinamikanı qeyd edərək, 2021-ci ilin ilk üç rübündə ümumi daxili məhsulun məcmu artım tempinin 11,7% təşkil etdiyini xatırladıb.

“Statistika göstərir ki, pandemiya dövründə Türkiyə iqtisadiyyatı G-20-nin digər ölkələrinin iqtisadiyyatlarından daha sürətli bərpa olunur”, - deyə M. Muş qeyd edib.

Nazir Türkiyənin ixracatdakı uğurlarına da diqqət çəkib.

“2021-ci ildə Türkiyənin xarici ticarət həcmi 500 mlrd. dollara yaxınlaşıb. Xarici ticarət kəsiri 7,8% azalaraq 45,9 mlrd. dollar olub. İxracın idxala nisbəti 83% təşkil edib. Bazara 32 min yeni ixracatçı şirkəti daxil olub. Xüsusilə vurğulamaq istərdim ki, Türkiyə istehsalı olan məhsullar ilk dəfə olaraq 123 ölkənin rəflərinə daxil olub”, - deyə nazir bildirib.

M. Muş Türkiyənin keçən il xidmət ixracatındakı tarixi uğurunu da vurğulayıb.

“Türkiyə 2021-ci ildə həm ənənəvi xidmət sektorlarında, həm də yeni xidmət sahələrində əhəmiyyətli bərpaya nail olub. Ötən il Türkiyədə xidmət ixracı 2020-ci illə müqayisədə təxminən 60% artaraq 53 mlrd. dollara çatıb”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR