Sosial Xidmətlər Agentliyi ilə “Araz Supermarket” MMC əlilliyi olan şəxslərə dəstək məqsədilə əməkdaşlıq edəcək

Sosial Xidmətlər Agentliyi ilə “Araz Supermarket” MMC əlilliyi olan şəxslərə dəstək məqsədilə əməkdaşlıq edəcək
# 25 yanvar 2023 09:29 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu memorandumla tərəflər əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyəti və həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, Agentlik Respublika üzrə 12 filial və 13 müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan şəxslərə səyyar və stasionar xidmətlər göstərir.

Sədr qeyd edib ki, Agentlik göstərilən xidmətlərin əhatəliliyini və əlçatanlığını artırmaq məqsədilə özəl təşkilatlarla da qarşılıqlı əməkdaşlıq edir.

“Araz Supermarket” MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov memorandumun əhəmiyyətindən danışıb. Bildirib ki, “Araz Supermarket” MMC əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına hər zaman dəstək olmağa hazırdır və bu əməkdaşlıq da onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasına dəstək olacaq.

Memorandumla əlilliyi olan şəxslərin sosial bacarıqlarının inkişafı, peşə hazırlığının, peşə-əmək reabilitasiyasının həyata keçirilməsi məqsədilə xüsusi proqramlar üzrə birgə təlimlər də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR