Şuşada Türk Biznes Forumu işinə başlayıb - FOTO - VİDEO

Şuşada Türk Biznes Forumu işinə başlayıb  - FOTO  - VİDEO
# 16 sentyabr 2022 11:14 (UTC +04:00)

Bu gün Şuşada Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər.

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, Türk dövlətləri təşkilatına üzv və müşahidəci ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 5 mlrd. ABŞ dollarına çatdığını deyib: "Təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətində payı təxminən 15% təşkil edir. Forum çərçivəsində ikitərəfli görüşlər, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması gözlənilir".

"Qlobal müstəvidə Geosiyasi gərginliyin artması fonunda dünya iqtisadiyyatında mənfi proseslərin güclənməsi, habelə dünyanı cənginə alan Covid-19 pandemiyasinin mənfi təsirlərinin tam bitməməsi şəraitində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində 2022-ci ilin yanvar-iyul aylarında inkişaf templəri davam etdirilib, UDM-in artım tempi 5,2% təşkil edib, qeyri-neft sektorunda isə əlavə dəyər 9,9 faiz bəndi artıb",- deyə nazir müavini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov da çıxış edərək xarici tərəfdaşlarla birgə Qarabağda biznes layihələrinin icrasi üçün digər təşkilati-hüquqi modeli kimi KOB klasterlərinin yaradılmasını qeyd edib: "Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Qarabağ bölgəsində iqtisadiyyatın ənənəvi sahələri və digər potensial sektorlar üzrə klasterlərin formalaşdırılması daha intensiv və dayanıqlı iqtisadi inkişafa və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, eləcə də yüksək əlavə dəyərin yaradılmasına təkan vermiş olacaq".

Forumda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Türkdilli ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsinin imzalanmasına dair razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, bu saziş noyabrın 11-də Səmərqənddə keçiriləcək sammit ərəfəsində imzalanacaq: “Bu sənəd şirkətlərimizə gömrük prosedurlarını asanlaşdırmağa imkan verəcək ki, bu da onlara maliyyə yardımı göstərməkdən heç də az əhəmiyyət kəsb etmir. Türkdilli ölkələr arasında güzəştli ticarət üzrə saziş üzərində də iş gedir ki, bu da xüsusi əhəmiyyət kəsb edir, çünki bu, həm də sahibkarlar üçün vəsaitə qənaət edəcək".

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev isə çıxışında qeyd edib ki, Azərbaycana gələn investisiyalar, xüsusilə də işğaldan azad olunan ərazilərlə bağlı layihələrə məhdudiyyət qoyulmur. Əksinə əlavə təşviq mexanizmləri tətbiq edilir.

Qeyd edək ki, Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya keçirilib, bir sıra sənədlər imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR