Zaqatalada "Kənd Boğçası" fermer yarmarkası keçiriləcək

Zaqatalada "Kənd Boğçası" fermer yarmarkası keçiriləcək
# 17 avqust 2022 16:36 (UTC +04:00)

Avqustun 19-da Zaqatalada "Kənd Boğçası" fermer yarmarkası baş tutacaq.

Bu barədə "APA-Economics"ə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.

Məlumata görə, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə "Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.

Yarmarkada Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının üç layihəsi (Qadınların iqtisadi səlahiyyətlərinin artırılması, Gənclərin aqrar məşğulluğunun artırılması, Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması) və Avropa İttifaqının maliyyə dəstəyi və FAO-nun təşkilatçılığı ilə həyata keçirilən bir layihəsi (Azərbaycanın şimal-qərb regionunda davamlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı) iştirak edir.

Bildirilib ki, fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etməkdir. Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına təkan verəcək. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR