"Abşeron" yatağından hasil ediləcək qazın böyük hissəsi ixraca yönəldiləcək

"Abşeron" yatağından hasil ediləcək qazın böyük hissəsi ixraca yönəldiləcək
  • Clock-gray 14:31
  • calendar-gray 11 Dekabr 2019

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından hasil olunacaq təbii qazın 50 mlrd. kubmetri yerli bazarın ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

APA-Economics”in məlumatına görə, bunu “Natural Gas News”a Azərbaycan hökumətindəki mənbə deyib.

Məlumata əsasən, yataqda hasil ediləcək daha 300 mlrd. kubmetr qaz ixrac edilərək Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Mənbənin məlumatına görə, layihənin 2-ci mərhələsi çərçivəsində hasil edilən qaz tamamilə ixraca yönələcək və Cənub Qaz Dəhlizi çərçivəsində nəql ediləcək.

"“Total” şirkəti “Abşeron” yatağından ildə əlavə olaraq 3,5 mlrd. kubmetr qaz hasil etməyə imkan verəcək ikinci inkişaf mərhələsi üzrə lazımi sənədləri 2021-ci ildə təqdim etməlidir", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, “Abşeron” dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date