"Equinor" Azərbaycanda seysmik tədqiqatları bitirmək ərəfəsindədir

"Equinor" Azərbaycanda seysmik tədqiqatları bitirmək ərəfəsindədir
  • Clock-gray 11:05
  • calendar-gray 13 Dekabr 2019

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində aparılan seysmik tədqiqat işləri (2- və 3-ölçülü) bitmə ərəfəsindədir.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə deyib.

Onun sözlərinə görə, dənizdə hava şəraitinin əlverişli olmaması səbəbindən sözügedən sahədə işlər bir qədər gecikir.

"Buna baxmayaraq, "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərinin bu il başa çatdırılması planlaşdırılır. Gözləntilərə görə, seysmik işlər dekabrın 19-da tamamlanacaq", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, tədqiqat işlərini Norveçin "Equinor" şirkətinin sifarişi ilə "Caspian Geophysical" şirkəti həyata keçirir. İşlər "Gilavar" geofiziki gəmisi vasitəsi ilə aparılır.

Tədqiqat işləri təxminən minimum 3-ölçülü seysmik məlumatın tam 500 qat kvadrat km və təxminən minimum 2-ölçülü seysmik məlumatın tam 800 qat kvadrat km əhatə edilməsindən ibarət olacaq.

Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

Qeyd edək ki, "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date