"İsrafil Hüseynov" gəmisi "Şahdəniz"də işini davam etdirəcək

"İsrafil Hüseynov" gəmisi "Şahdəniz"də işini davam etdirəcək
  • Clock-gray 15:19
  • calendar-gray 13 Dekabr 2019

“İsrafil Hüseynov” borudüzən gəmisi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində işlərini gələn ildə də davam etdirəcək.

Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə deyib.

Qeyd edək ki, bu ilin mayın 8-də “Şahdəniz-2” layihəsi çərçivəsində İtaliyanın “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” borudüzən gəmisində partlayış baş verib. Hadisədən sonra gəmi təmirə göndərilib. Bu da “Saipem”in həm “Şahdəniz-2”, həm də “Abşeron” qaz-kondensat yatağında işlərin ləngiməsinə səbəb olub.

Qəmi təmirdən qayıtdıqdan sonra “Şahdəniz”də işini davam etdirib. Öncə olan planlara əsasən, gəmi bu yataqda işini bu ilin noyabrın sonunadək başa çatdırılmalı idi.

“Hazırda planlar dəyişib. Gəmi “Şahdəniz” yatağında işini 2020-ci ilin yayında bitirəcək”, - deyə mənbə bildirib.

Mənbə həmçinin qeyd edib ki, “İsrafil Hüseynov” gəmisi “Şahdəniz” yatağında fəaliyyətini gələn ilin avqust ayınadək göstərəcək. 

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,2 mlrd. kubmetr qaz və təqribən, 2,6 mln. ton kondensat hasil edilib. Hesabat dövründə yataqdan hasil edilən qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 mlrd. kubmetr və ya 52,5%, kondensatın həcmi isə 0,8 mln. ton və ya 44,4% artıb. “Şahdəniz”də qaz və kondensat hasilatının artması yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə birbaşa əlaqəlidir.

Xatırladaq ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

İşlənmənin əvvəlindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 115 mlrd. kubmetr qaz və 27 mln. tondan çox kondensat hasil edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date