Azərbaycan qazı Yunanıstana Türkiyənin vasitəçiliyi olmadan satılacaq

Azərbaycan qazı Yunanıstana Türkiyənin vasitəçiliyi olmadan satılacaq
# 02 fevral 2011 12:12 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Yunanıstan iqtisadi, sənaye və texnologiya sahələrində əməkdaşlıq üzrə birgə komissiyanın iclasında bildirib: «Qərara gəlmişik ki, bu təbii qaz Yunanıstana bilavasitə Azərbaycandan satılsın, yəni Türkiyənin vasitəçiliyi ortadan götürülür».

Nazirin sözlərinə görə, razılığa əsasən, Türkiyə ilə Yunanıstan arasındakı qaz satışı barədə müqavilə, Azərbaycanla Yunanıstan arasındakı müqavilə ilə əvəz olunacaq: «Azərbaycan qazının Yunanıstana satışı ilə bağlı bir müqavilə bağlanacaq. Azərbaycan tərəfdən Dövlət Neft Şirkəti qazın alqı-satqı əməliyyatlarını birbaşa Yunanıstanın DEPA şirkəti ilə aparacaq». Qazın satışı ilə bağlı hüquqi məsələlər də bundan sonra iki tərəf arasında həll olunacaq.

Qeyd edək ki, indiyədək Yunanıstan Türkiyədən ildə 700 mln. kubmetr qaz alıb. İndi isə bu qazı Azərbaycan tərəfi Yunanıstana birbaşa satacaq. Bundan başqa, N.Əliyevin sözlərinə görə, Yunanıstanla danışıqlarda Azərbaycan bu ölkəyə satılan qazın həcminin artırılmasına nail olmaq istəyir: «Ola bilsin ki, bu həcm gələcəkdə artsın. Bu həm də Yunanıstanın tələbatından asılıdır, bu ölkənin tələbatı ildə 3 mlrd-a qədər ola bilər».

Qeyd edək ki, alqı-satqının birbaşa aparılması qazın fiziki çatdırılması üsulunu dəyişməyəcək. DEPA şirkətinin baş meneceri Harri Saşinis «APA-ECONOMICS»ə bildirib ki, Azərbaycan qazı Yunanıstana Türkiyə ərazisindən keçməklə çatdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR