2040-cı ilədək Azərbaycanın dəniz külək enerji potensialı 7 giqavatt qiymətləndirilir

2040-cı ilədək Azərbaycanın dəniz külək enerji potensialı 7 giqavatt qiymətləndirilir
# 03 iyun 2022 17:22 (UTC +04:00)

Azərbaycanın ilk dəniz külək enerjisi üzrə yol xəritəsi təqdim olunub.

Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Energetika Nazirliyi və Dünya Bankı ilə təqdim edilən yeni yol xəritəsində göstərilib ki, 2040-cı ilədək Azərbaycan, doğru uzunmüddətli strategiya və ona əsasən həyata keçiriləcək infrastruktur inkişafı, yatırımlar və siyasətlər sayəsində dəniz küləyindən enerji hasilatı üçün 7 giqavatt qoyuluş gücünə nail ola bilər, bu da öz növbəsində ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrasında vacib rol oynaya bilər.

Azərbaycanda ilk dəfə hazırlanan dəniz külək enerjisi üzrə yol xəritəsi iki artım ssenarisini (yüksək və kiçik artım) nəzərdə tutur.

Yol xəritəsinin məqsədi dəniz külək energetikasına dünyada artan maraq şəraitində bu yeni sənaye ilə bağlı normativlər, hüquqi çərçivə və infrastruktura dair qərarların verilməsinə yardım etməkdir.

Kiçik artım ssenarisinə əsasən, Azərbaycanda dəniz külək energetikası mötədil templə inkişaf edərək, 2040-cı ilədək 1,5 giqavatt qoyuluş gücünə malik olacaq və dekarbonlaşdırılmış enerji istehsalının 7%-ni təmin edəcək. Yüksək artım ssenarisində daha iddialı artım templəri nəzərdə tutulur: 2040-cı ilədək dəniz külək energetikasının qoyuluş gücü 7.2 giqavatta çataraq ölkənin enerji təchizatının 37%-ni təmin edə bilər.

Yüksək artım ssenarisinin icrası nəticəsində daha çox enerji istehsalı, iş yerlərinin açılması, sərmayənin daha sürətli geri ödənilməsi və daha böyük həcmdə karbon emissiyalarının azalması baş verəcək, eləcə də daha böyük bazarın yaratdığı miqyas qənaətləri səbəbindən, kiçik artım ssenarisi ilə müqayisədə, enerjinin maya dəyərinin daha kəskin azalması gözlənilir. Lakin yüksək artım ssenarisinin ərsəyə gəlməsi üçün daha böyük vəsaitlər daha erkən mərhələdə yatırılmalıdır. İstənilən halda, hər iki ssenari ölkənin nəhəng dəniz küləyi resurslarının yalnız kiçik qismini istismara verəcək.

Yol xəritəsində dəniz külək energetikası potensialının hər iki ssenariyə əsasən istifadəsi üçün tövsiyə olunan tədbirlər təqdim edilir. Həmin tədbirlərin sırasına 2030-cu və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 meqavatt gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri layihələrin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi və istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, maliyyə vəsaiti cəlb etmək üçün qabaqcıl beynəlxalq təcrübələrin qəbul edilməsi və dəniz külək energetikası sahəsində davamlı layihələr ardıcıllığını realizə etmək üçün dövlət qurumlarında və işçi qüvvəsində müvafiq bilik və bacarıqların artırılması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR