ABŞ "Şimal Axını-2" layihəsi üzrə sanksiyaları genişləndirir

ABŞ "Şimal Axını-2" layihəsi üzrə sanksiyaları genişləndirir
# 05 iyun 2020 12:42 (UTC +04:00)

ABŞ Konqresi "Şimal Axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyi planlaşdırır.

APA xəbər verir ki, bununla əlaqədar konqresin respublikaçı üzvləri Ted Kruz, Tom Kotton, Ron Conson, Con Brasso və demokrat Gene Şahen yeni layihə hazırlayıb. Layihəyə əsasən, sanksiyaların əhatə dairəsi genişləndirilərək yalnız boru kəmərinin tikintisində iştirak edən şirkətlərə deyil, eyni zamanda hüquqi dəstək verən, həmçinin sığorta və liman xidmətlərini təmin edən şirkətlərə də şamil olunacaq.

Sanksiyaların tətbiqi üçün layihə konqres tərəfindən təsdiqlənməli və daha sonra ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2"nin tikintisi aparan İsveçrənin "Allseas" şirkəti tələbi yerinə yetirib. "Allseas" şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR