AERA-nın fəaliyyətinin dəstəklənməsi layihəsinin ikinci mərhələsi başlayır

AERA-nın fəaliyyətinin dəstəklənməsi layihəsinin ikinci mərhələsi başlayır
# 25 fevral 2020 14:32 (UTC +04:00)

Bu ilin fevralın 24-25-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsinin başlanmasına dair ilk görüş olub.

AERA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov, İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov, EMTA-nın əməkdaşları və Energetika Nazirliyinin nümayəndələri, AYİB-in enerji məsələləri üzrə analitiki Maksim Meftah, DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton və digər ekspertlər iştirak ediblər. Görüşü giriş sözü ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov və AYİB-in enerji məsələləri üzrə analitiki Maksim Meftah açıb.

Daha sonra DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton layihə haqqında ümumi məlumat verib. O, layihənin ikinci mərhələsində qarşıya qoyulan məqsədləri, iş istiqamətləri, işçi qrupların tərkibi, iş rejimi və hazırlanacaq sənədlərin təsnifatı məsələlərinə toxunub və bildirib ki, bu mərhələdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin potensialının gücləndirilməsi sahəsində və “Tənzimləyici haqqında” qanun layihəsi və normativ hüquqi aktlar üzərində işlər davam etdiriləcək. Beynəlxalq ekspertlər, həmçinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinə enerji sektoru üzrə lisenziyalar, elektrik enerjisi bazarına nəzarət prosedurları, tənzimlənən müəssisələr arasında mübahisələrin həlli qaydaları, kadr potensialının artırılması və iş yerində təlimlər kimi məsələlərdə texniki və hüquqi yardım göstərəcəklər.

DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton əlavə edib ki, layihə çərçivəsində xarici ölkələrin tənzimləyici qurumlarında çalışan mütəxəssislər Azərbaycana dəvət olunaraq, bir neçə ay müddətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə öz təcrübələrini paylaşacaqlar. İkigünlük görüş işçi qruplar səviyyəsində davam etdirilib, məlumatda bildirilir.

Qeyd edək ki, 2020-ci ilin fevralında AYİB-in dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsinin başlanmasına dair Energetika Nazirliyi və AYİB arasında razılıq əldə edilib. Layihənin ikinci fazasının icrası üçün DNV GL Energy Advisory GmbH şirkəti cəlb olunub. AYİB-in dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin birinci mərhələsi 2019-cu ilin noyabr ayında bitib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR