Almaniya "Şimal Axını-2" layihəsi çərçivəsində yenidən ABŞ-ın sanksiyalarına qarşı çıxıb

Almaniya "Şimal Axını-2" layihəsi çərçivəsində yenidən ABŞ-ın sanksiyalarına qarşı çıxıb
# 05 iyun 2020 15:35 (UTC +04:00)

Almaniyanın "Şimal Axını-2" layihəsi üzrə mövqeyi ABŞ-ın qaz boru kəmərinə qarşı mümkün yeni sanksiyalar barədə verdiyi açıqlamalardan sonra dəyişməz qalıb, Berlin bu sanksiyaları qəbul etməyəcək.

APA-Economics”in “Interfax”a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın İqtisadiyyat və energetika Nazirliyinin nümayəndəsi Anna Sofi Ayhler deyib.

Onun sözlərinə görə, Almaniya hökuməti ABŞ-ın açıqlamaları da daxil olmaqla "Şimal Axını-2" layihəsi ətrafındakı hadisələrin inkişafını izləyir, lakin bu açıqlamalara münasibət bildirmir: “Sözügedən sanksiyalarla bağlı əsas mövqeyimiz aydındır – Almaniya onları rədd edir”.

Qeyd edək ki, ABŞ Konqresi "Şimal Axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyi planlaşdırır. Bununla əlaqədar konqresin respublikaçı üzvləri Ted Kruz, Tom Kotton, Ron Conson, Con Brasso və demokrat Gene Şahen yeni layihə hazırlayıb. Layihəyə əsasən, sanksiyaların əhatə dairəsi genişləndirilərək yalnız boru kəmərinin tikintisində iştirak edən şirkətlərə deyil, eyni zamanda hüquqi dəstək verən, həmçinin sığorta və liman xidmətlərini təmin edən şirkətlərə də şamil olunacaq.

Sanksiyaların tətbiqi üçün layihə konqres tərəfindən təsdiqlənməli və daha sonra ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, bundan öncə Almaniya hökuməti "Şimal axını-2" layihəsini müsbət qiymətləndirdiyini və layihədə iştirak edən şirkətlərə dəstək göstərməyi planlaşdırıdığını bildirmişdi.

Hökumət layihənin texniki baxımdan necə həyata keçiriləcəyini bilməsə də, "Şimal axını-2"nin tamamlanacağı ehtimalından irəli gəlir. Hökumət sözügedən qaz boru kəmərinin tikintisinə, ilk növbədə, iqtisadi layihə kimi baxır. Almaniya ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirləri həyata keçirmək niyyətində deyil.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2"nin tikintisi aparan İsveçrənin "Allseas" şirkəti tələbi yerinə yetirib. "Allseas" şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR