Alternativ enerji sahəsində hərrac qaydaları Energetika Nazirliyinə təqdim olunub

Alternativ enerji sahəsində hərrac qaydaları Energetika Nazirliyinə təqdim olunub
  • Clock-gray 12:58
  • calendar-gray 06 Aprel 2020

Gələn ilin mart ayına qədər "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihəsi başa çatacaq.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, layihə Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsini nəzərdə tutur.

Məlumata əsasən, cari ilin I rübündə həmçinin, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlərin Vaxt Qrafikinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə adıçəkilən hərracların layihələndirilməsi və icra edilməsi üzrə əməkdaşlıq çərçivəsində müvafiq məsləhətçi şirkət tərəfindən hazırlanmış hərrac qaydaları, alqı-satqı müqavilələrinin prinsipləri və qoşulma müqaviləsinin layihəsi baxılması üçün Energetika Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, AYİB bərpa olunan enerji potensialına malik sahələrin birində külək ölçü-müşahidə stansiyasının quraşdırılması və ölçmələrin aparılmasında köməklik göstərməyi qəbul edib. Hazırda bank 12 aylıq külək ölçmə-müşahidə işlərini layihələndirəcək və həyata keçirəcək məsləhətçi şirkət cəlb edilməsi istiqamətində işləri davam etdirir.

Emil İsmayılov

Digər xəbərlər