Analitiklər: "OPEC+"ın apreldən neft hasilatının artırılmaması ehtimalı azdır

Analitiklər: "OPEC+"ın apreldən neft hasilatının artırılmaması ehtimalı azdır
# 04 mart 2021 14:57 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin aprel ayından etibarən gözlənilən gündəlik neft hasilatının 0,4-0,5 mln. barel artırılmasının təxirə salınması ehtimalı azdır.

Bu barədə "APA-Economics" "Sberbank CIB Investment Research"ə (analitik qrup) istinadən xəbər verir.

Məlumata görə, neft hasilatının artırılması prosesinin təxirə salınmasına qarşı "OPEC+" iştirakçılarından bəziləri (məsələn, BƏƏ, Rusiya) çıxış edə bilər, bu da "Brent" markalı neftin qiymətinin volatilliyinə baxmayaraq, onun bir barel üçün 63 dollardan artıq olması ilə bağlıdır.

Analitiklərin ehtimalına görə, "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 mln. bareldən az artırılsa da, bu, bazar tərəfindən müsbət qarşılanacaq.

"Bununla birlikdə, neft qiymətlərinin əhəmiyyətli dərəcədə azalması və bazarın fundamental parametrlərində radikal pisləşməsi yer almasa, aprel ayında "OPEC+" üzrə gündəlik hasilat 1,4 mln. bareldən az artarsa, fikrimizcə, II rübün nəticələrinə görə, bu göstərici 2,35 mln. barelədək çatdırılacaq", - icmalda qeyd edilir.

Proqnoza əsasən, bu artımla belə aprel-iyun aylarında dünyada karbohidrogenlərin əmtəə ehtiyatları 1 mln. bareldən çox azalacaq.

Qeyd edək ki, martın 4-də "OPEC+" razılaşmasına qatılan bütün ölkələrin nazirlərinin toplantısı keçiriləcək.

Görüşün nəticələrinə görə, aprel ayından "OPEC+" ölkələri tərəfindən gündəlik neft hasilatının 0,5-1,5 mln. barel civarında artırılması barəsində qərarın qəbul edilməsi ehtimal olunur.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR