"Anglo Asian Mining" Azərbaycanda hasilat sahələrini genişləndirəcək

"Anglo Asian Mining" Azərbaycanda hasilat sahələrini genişləndirəcək
# 25 fevral 2020 11:11 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining" yüksək səviyyəli qazma işlərinin nəticələrindən sonra hasilat sahələrini genişləndirmək niyyətində olduğunu bildirib.

"APA-Economics"in "Anglo-Asian Mining"ə istinadən verdiyi məlumata görə, hazırda "Gədəbəy" qızıl yatağında çıxarıla bilən ehtiyatların müəyyənləşdirilməsi işləri davam etdirilir və artıq müsbət nəticələr əldə olunub.

Bundan əlavə, qızıl yatağında açıq karxana üçün yeni ehtiyatları üzrə hesabatların 2020-ci ildə nəşr edilməsi, "Uğur" yatağına bitişik minerallaşma qovşaqlarında geofiziki kəşfiyyat və "Söyüdlü", "Maarif" və "Bittibulaq"da əlavə kəşfiyyatın aparılması planlaşdırılır. "Avşanclı"da yerüstü geofizika və mənbələrin qiymətləndirilməsi üçün qazma işləri aparılacaq.

Şirkətin məlumatına görə, "Qoşa" yatağı hələlik ilkin tədqiqat mərhələsindədir, amma tədqiqatlar kəşfiyyata ehtiyac olduğunu və ehtiyatların potensialını təsdiqləyir. Yataqda elektrikli geofiziki kəşfiyyat köməyi ilə polimetalik filiz əmələ gəlməsinin təsdiqlənməsi işləri də 2020-ci ildə keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, "Anglo Asian Mining" 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır.

"Ordubad" zonasında nəticələr ümidverici kimi qiymətləndirilib və bu mədəndə işlərin genişləndirilməsi 2020-ci ildə də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR