"AzerGold": İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı ölkə sənayesinin inkişafında böyük rol oynayacaq

"AzerGold": İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı ölkə sənayesinin inkişafında böyük rol oynayacaq
# 02 fevral 2021 11:20 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə "AzerGold" QSC tərəfindən 2018-ci ildən araşdırmalar aparılıb. İcra edilən layihə çərçivəsində hazırlanmış "Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib.

"APA-Economics"in məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub.

"Bununla yanaşı, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır", - Z. İbrahimov qeyd edib.

O həmçinin vurğulayıb ki, bundan sonrakı mərhələlərdə də "AzerGold" QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

"Heç şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq", - deyə Z. İbrahimov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR