"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb
# 24 fevral 2020 12:10 (UTC +04:00)

Ötən il "AzerGold" QSC-nin balansında olan bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparıb.

"APA-Economics"in məlumatına görə, bunu "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən deyib.

"Bu rəqəm ölkə üzrə dağ-mədən sahəsi üzrə maksimal göstəricidir. Beləliklə, qeyd etməliyəm ki, "AzerGold" qısa bir müddət ərzində mədənçıxarma və geoloji-kəşfiyyat sahələrinin uğurlu inteqrasiyasına nail olub", - Z. İbrahimov qeyd edib.

Sədrin sözlərinə görə, cari ildə yeni yataqlar üzrə ümumilikdə əlavə 50 min metrədək dərinlikdə buruq-qazma işlərinin aparılması öhdəlik kimi qarşıya qoyulub. Aparılan kəşfiyyat işləri nəticəsində QSC-nin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən 20 dəfədən çox artırılıb. Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir.

"Hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsini planlaşdırırıq", - Z. İbrahimov əlavə edib.

Onun sözlərinə görə, bunun üçün isə şirkətin öz nizamnamə kapitalı da müvafiq səviyyədə olmalıdır. "AzerGold" isə fəaliyyətə 2 mln. manat ilkin kapitalla başlayıb. Qeyd edilən layihələrin işə salınması üçün nizamnamə kapitalı artırılaraq 37 mln. manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR