Azərbaycan 2019-ci ildə orta gündəlik neft hasilatını 3,5% azaldıb

Azərbaycan 2019-ci ildə orta gündəlik neft hasilatını 3,5% azaldıb
# 09 yanvar 2020 12:40 (UTC +04:00)

"Ötən il Azərbaycanda orta gündəlik neft hasilatı təxminən 765 min barel səviyyəsində olub".

Bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyevə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barel olub.

"APA-Economics"in hesablamalarına görə, 2018-ci ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycan orta gündəlik neft hasilatı 27,6 min barel və ya 3,5% azalıb.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, Azərbaycan ötən ilin axırınadək orta gündəlik neft hasilatını 776 min barel səviyyəsində saxlamalı idi.

Bundan əlavə, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Bunları nəzərə alaraq, qeyd eləmək lazımdır ki, Azərbaycan sözügedən razılaşma çərçivəsində öz öhdəliklərini artıqlaması ilə yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR