Azərbaycan-Böyük Britaniya Hökümətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə konfrans keçirilib

Azərbaycan-Böyük Britaniya Hökümətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə konfrans keçirilib
  • Clock-gray 17:16
  • calendar-gray 06 İyul 2020

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Qreham Styuartın iştirakı ilə video-konfrans keçirilib. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və ikitərəfli enerji əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “COVID-19”-la mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ümumilikdə 30 ölkəyə dəstək göstərilməsindən bəhs edilib.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü diqqətə çatdırılıb.

Pandemiyanın qlobal iqtisadiyyata və enerji sektoruna, xüsusilə də neftin qiymətinə təsirlərindən danışan Q. Styuart Azərbaycanla Böyük Britaniya arasında bərpa olunan enerji, enerji səmərəliyi sahələrində əməkdaşlıq imkanları ilə maraqlanıb. Neft bazarının sabitləşdirilməsi istiqamətində “OPEC+” formatında görülən tədbirlərin əhəmiyyətini vurğulayan nazir Pərviz Şahbazov bildirib ki, tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir: “Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir. Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir”.

Energetika naziri bərpa olunan enerji sahəsində görülən işləri, həyata keçirilən pilot layihələr və planlaşdırılan hərraclar, eləcə də qanunvericilik bazasının yaradılması ilə bağlı yenilikləri diqqətə çatdırıb. Həmçinin, nazir ölkəmizdə kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı BP-nin dəstəyini yüksək qiymətləndirib.

Video-konfransda Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədləri də nəzərdən keçirilib.

Emil İsmayılov

Digər xəbərlər