Azərbaycan Macarıstan şirkətinin AÇG və BTC-də payların alınması sazişini təsdiqləyib

Azərbaycan Macarıstan şirkətinin AÇG və BTC-də payların alınması sazişini təsdiqləyib
  • Clock-gray 15:16
  • calendar-gray 27 Fevral 2020

Azərbaycan tərəfi Macarıstanın MOL şirkətinin ABŞ-ın "Chevron" şirkətinin "Azəri-Çıraq-Günəşli" (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrindəki paylarının alınması üzrə sazişi təsdiqləyib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Macarıstanın MOL şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində ABŞ-ın "Chevron" şirkətinin səhmlərinin alınması barədə saziş dövlət tərəfindən təsdiq edilib. Beləliklə, MOL şirkəti AÇG konsorsiumuna qoşulub", - deyə İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, ötən ilin payızında MOL "Chevron Global Ventures Ltd" və "Chevron BTC Pipeline" şirkətləri ilə AÇG-də 9,57%-lik və BTC-də 8,9%-lik payın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dolları (alqı-satqı prosesi bitənədək düzəliş müetmə imkanı ilə) təşkil edir. Satınalma prosesinin 2020-ci ilin II rübünə tamamlanması gözlənilir. Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Emil İsmayılov

Digər xəbərlər