Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq

Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq
# 06 dekabr 2019 19:21 (UTC +04:00)

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus” qərararı indiyə kimi bazarın balanlaşdırılmasına öz töhfəsini verib. Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir: “Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan “OPEC plus” formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, “OPEC plus” ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik”.

Nazir çıxışında Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR