Azərbaycan və Almaniya bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Almaniya bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
# 13 noyabr 2020 11:20 (UTC +04:00)

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Almaniya Federativ Respublikasının enerji səmərəliliyi və bərpa olunan enerji üzrə dövlət orqanı olan Almaniya Enerji Agentliyi arasında onlayn görüş keçirilib. Tədbir bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və bu istiqamətdə prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Nazirliyin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları, qarşı tərəfdən isə Almaniya Enerji Agentliyinin rəhbər işçiləri və ekspertləri iştirak edib.

Görüşdə çıxış edən Energetika Nazirliyinin Aparatının rəhbəri Zaur Məmmədov Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəmiz haqqında məlumat verib, bununla həm enerji təhlükəsizliyinin, həm də regional təhlükəsizliyin daha da güclənəcəyini qeyd edib.

Daha sonra, tədbirin gündəliyinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və həyata keçirilən cari layihələr barədə məlumat verilib. Müvafiq sahənin inkişafı istiqamətində birgə həyata keçirilə biləcək konkret tədbirlər, külək və günəş enerjisi ilə yanaşı, bioenerji və geotermal enerji, aktiv istehlakçıların dəstəklənməsi mexanizmlərinin tətbiqi, kiçik miqyaslı bərpa olunan enerji sistemlərinin inkişafı, enerjinin saxlanması (depolanması) kimi sahələrdə strategiyaların və yol xəritələrinin hazırlanması üzrə əməkdaşlıq, habelə müəyyən ediləcək tədbirlərin həyata keçirilməsi prosesində üçüncü tərəflər və tabe qurumların iştirak imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR