Azərbaycan və İran sərhəddə elektrik stansiyasının tikintisini müzakirə edib - FOTO

Azərbaycan və İran sərhəddə elektrik stansiyasının tikintisini müzakirə edib - FOTO
  • Clock-gray 09:45
  • calendar-gray 23 Dekabr 2020

Azərbaycan Respublikası nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının energetika naziri Rza Ərdakanian arasında görüş keçirilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, həyata keçirilən layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Məlumata görə, Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən  cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib.

Həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri də görüşdə müzakirə edilib, bu formatda əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

"Görüşdə iki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məsələlərinə də toxunulub, Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün layihələrin önəmi bir daha vurğulanıb. Energetika nazirləri tərəfindən stansiya və hidroqovşaqların tikintisinin başa çatdırılmasının vacibliyi qeyd olunub və bu istiqamətdə atılacaq növbəti addımlar, o cümlədən layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib", - məlumatda qeyd edilir.

Görüş zamanı Azərbaycandan İran İslam Respublikasına elektrik enerjisinin ixracı və Azərbaycanda İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi və bu stansiyada istehsal edilmiş elektrik enerjisinin İrana və üçüncü ölkələrə ötürülməsi, eləcə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, görüş zamanı "OPEC+" üzrə əməkdaşlığın vəziyyəti və neft bazarının inkişafına dair müzakirələr aparılıb. Həmçinin, neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsinin vacibliyi və neft bazarının sabitliyinin davamlılığının hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb etdiyi bildirilib.

Görüşdə Azərbaycanda İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Emil İsmayılov

Digər xəbərlər