Azərbaycanda günəş və külək enerjisi üzrə ən yüksək potensiallı zonalar açıqlanıb

Azərbaycanda günəş və külək enerjisi üzrə ən yüksək potensiallı zonalar açıqlanıb
# 28 oktyabr 2020 15:55 (UTC +04:00)

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) şöbə müdiri Fariz Şirinov Bakı Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Azərbaycanda ən yüksək potensiala malik olan günəş və külək enerjisi mənbələrinin yerləşdiyi zonaları açıqlayıb.

"APA-Economics"in məlumatına görə, onlayn formatda təşkil olunan forumda təqdimatla çıxış edən F. Şirinov bərpa olunan enerji sistemləri (RES) üçün ən səmərəli günəş enerjisi mənbələrinin zonaları sırasına Naxçıvan iqtisadi-coğrafi zonasının Şahbuz, Culfa və Ordubad rayonlarını və hazırda işğal altında olan Kəlbəcər-Laçın iqtisadi zonasının qərb səmtini daxil edib.

Külək enerjisinə mənbələrinə də toxunan AERA-nın şöbə müdiri təqdimatda Azərbaycanın Abşeron, Quba-Xaçmaz və Kəlbəcər-Laçın iqtisadi zonalarının külək enerjisinin istehsalı üçün əlverişli olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan müxtəlif şirkətlər və beynəlxalq maliyyə təşkilatları ilə bərpa olunan enerji mənbələri üzrə aktiv əməkdaşlıq edir. Bu ilin 6 ayı ərzində bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrin seçilməsi və prioritetləşdirilməsi, gələcəkdə hərrac vasitəsilə investisiya qoyuluşuna hazırlanması istiqamətində tədbirlər dövlət tərəfindən davam etdirilib.

Torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsi, sahələr üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, eyni zamanda sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması üçün ölçü müşahidə qurğularının quraşdırılması ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR