Azərbaycanda sənaye istehsalı yanvar-oktyabrda 4,5% azalıb

Azərbaycanda sənaye istehsalı yanvar-oktyabrda 4,5% azalıb
# 12 noyabr 2020 12:07 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsində "APA-Economics"ə verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5% artıb.

Sənaye məhsulunun 60,3%-i mədənçıxarma sektorunda, 33,6%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıb.

İllik müqayisədə emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 78,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1%, sair nəqliyyat vasitələrinin istehsalı 50,3%, kompüter, elektron və optik məhsulların istehsalı 50,1%, maşın və avadanlıqların istehsalı 41,4%, kağız və karton istehsalı 34,2%, geyim istehsalı 33,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,5%, tikinti materiallarının istehsalı 26,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,1%, tütün məmulatlarının istehsalı 18,3%, kimya sənayesi məhsullarının istehsalı 13,2%, poliqrafiya məhsullarının istehsalı 9,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 6,1%, hazır metal məmulatlarının istehsalı 1,2% artmış, qida məhsullarının istehsalı 1,3%, neft məhsullarının istehsalı 2,2%, elektrik avadanlıqlarının istehsalı 2,4%, içkilərin istehsalı 9%, mebel istehsalı 24,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 39,9% azalıb.

Qeyd edək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,5% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR