Azərbaycanda tikiləcək külək stansiyasının istehsal həcmi açıqlanıb

Azərbaycanda tikiləcək külək stansiyasının istehsal həcmi açıqlanıb
  • Clock-gray 18:58
  • calendar-gray 10 Fevral 2021

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti nin Azərbaycanda tikəcək 240 MVt-lıq külək elektrik stansiyası ildə təxminən 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, Ötən ilin sonunda Energetika Nazirliyi və ”Azərenerji” Səhmdar Cəmiyyəti ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt-lıq külək elektrik stansiyasının tikintisi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

S.Vəliyev onuda vurğulayıb ki, ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları olacaq xarici sərmayə əsaslı bu layihənin həyata keçirilməsi nəticəsində tikiləcək külək elektrik stansiyası ildə, təxminən 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, hər il 220 milyon kub metr qaza qənaət olunmasını təmin edəcək, atmosferə 400 min tondan artıq karbon emissiyasının atılmasının qarşısını alacaq.

Bununla yanaşı, 230 MVt-lıq günəş elektrik stansiyası layihəsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə danışıqların da tezliklə yekunlaşdırılması planlaşdırılır.

Nazir müavinin sözlərinə görə, ölkədə 2030-cu ildək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması ilə bağlı Prezidentin İlham Əliyevin tapşırığının icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", habelə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri hazırlanmış, müvafiq qurumlarla razılaşdırılmış və baxılmaq üçün aidiyyəti üzrə təqdim edilib.

Emil İsmayılov

Digər xəbərlər