Azərbaycanda yanacağın bahalaşmasından sonra iki sektor üzrə dəstək paketinin həcminin artırılması gözlənilir

Azərbaycanda yanacağın bahalaşmasından sonra iki sektor üzrə dəstək paketinin həcminin artırılması gözlənilir
# 05 yanvar 2021 13:04 (UTC +04:00)

Məlum olduğu kimi, Tarif Şurasının qərarına əsasən, yanvarın 5-dən Azərbaycanda "Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək artırılıb.

"APA-Economics" müxtəlif ekspert və dövlət rəsmilərindən sözügedən qərarla bağlı aldığı şərhləri diqqətə çatdırır.

Məsələn, Tarif Şurası yanacağın bahalaşmasının kənd təsərrüfatı və avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahələrinə mənfi təsir etməyəcəyini gözləyir. Belə ki, Tarif Şurasının katibi Ceyhun Nəcəfov ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur.

"Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlər dən biridir", - deyə C. Nəcəfov qeyd edib.

Tarif Şurasının rəsmisi əlavə edib ki, dizel qiymətinin artımı kənd təsərrüfatı sahəsinə də mənfi təsir edəcəyi gözlənilmir. Belə ki, kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq.

"Aİ-92" markalı benzinin qiymət artımına gəldikdə, C. Nəcəfov bildirib ki, bu növ yanacaq əsasən şəxsi minik avtomobillərində istifadə olunur və bunun da istehlak qiymətlərinə ciddi təsiri gözlənilmir: "Bu, insanların ictimai nəqliyyatdan istifadəsini və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Ümumilikdə, Azərbaycanda yanacağa olan qiymətlər əksər digər MDB ölkələri ilə müqayisədə aşağıdır".

Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, yanacağın qiymətlərində artımlardan sonra iki sektor üzrə dəstək paketinin miqdarının artırılması gözlənilir: "Dizel yanacağının qiyməti iki sektorda xərclərə birbaşa təsir göstərir. Bunlardan biri kənd təsərrüfatı, digəri isə ictimai nəqliyyat sektorudur. Bu baxımdan dizel yanacağının qiymətində olan artımlardan sonra hər iki sektor üzrə dəstək paketinin miqdarının artırılması gözlənilir".

V. Bayramovun sözlərinə görə, nəzərə alınmalıdır ki, kənd təsərrüfatı texnikalarının əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir: "İl yeni başladığını üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablanarkən dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiyaların məbləği hesablansın. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun".

Deputat ictimai nəqliyyatda qiymətinin artırılacağı ilə bağlı fikirlərə də münasibət bildirib: "Tarif Şurasının qərarında da qeyd olunduğu kimi, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır. Dəstək mexanizmində də dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan xüsusi şirkətlərə dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu, çox vacibdir. İctimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Nəzərə alaq ki, artıq rəsmi açıqlamalar da yayıldı ki, ictimai nəqliyyatda qiymət artımları gözlənilmir, proqnozlaşdırılmır. Bununla bağlı rəsmi müraciət də yoxdur. Bu kontekstdən dizel yanacağının qiymət artımından yaranan fərqin ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir".

V. Bayramov istehlak bazarında aparılan monitorinqlərin sayının artırılmasını təklif edib: "Adətən belə qiymət artımlarının psixoloji tərəfi olur. Ona görə də istehlak bazarında monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Xüsusilə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. əsasən də dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlər artırılmalıdır. Monitorinqlər hansı məhsulların xərclərinin qiymət artımına təsir etdiyini və etmədiyini müəyyənləşdirmək üçün vacibdir. Bu da bazarda psixoloji səbəbdən yarana biləcək süni qiymət artımlarının qarşısını ala bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR