Azərbaycanın D230 strukturunda tədqiqatlar gələn ilin yazında bitəcək

Azərbaycanın D230 strukturunda tədqiqatlar gələn ilin yazında bitəcək
  • Clock-gray 13:05
  • calendar-gray 13 Dekabr 2019

“Caspian Geophysical” şirkəti BP-nin sifarişi ilə Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində aparacaq seysmik tədqiqat işlərinə planlaşdırıldığı kimi, bu il başlayacaq.

Bunu “APA-Economics”ə layihəyə yaxın olan mənbə bildirib.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən başqa mənbə bu sahədə işlərin gələn il başlayacağını söyləmişdi.

Mənbənin sözlərinə görə, hava şəraitinin əlverişli olmaması səbəbindən D230 perspektiv strukturunda gecikmə olsa da, işlərin bu ay başlaması planlaşdırılır: “Planlaşdırılır ki, seysmik işlərə gələn il yox, artıq bu ilin dekabrın 22-də start verilsin”.

Mənbə onu da qeyd edib ki, bu layihə üzrə işlərin tam başa çatdırılması 2020-ci ilin martın axırına təsadüf edəcək. Tədqiqat işləri “Gilavar” geofizik gəmisi vasitəsi keçiriləcək.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date