Azərbaycanın "OPEC+" çərçivəsində növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib

Azərbaycanın "OPEC+" çərçivəsində növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib
  • Clock-gray 12:28
  • calendar-gray 29 Aprel 2021

“OPEC+” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək.

Məlumata görə, ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artırılacaq.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, hasilatın tədricən artırılması və ixtisarların yumşaldılması bazardakı vəziyyətə adekvatdır və tənzimləmə prosesinə öz töhfəsini verəcək: “Son vaxtlar qlobal neft bazarının balanslaşmaya meyllənməsi, kommersiya neft ehtiyatlarının azalması və neftin münasib qiymət dəhlizinin nisbətən sabitləşməsi müşahidə edilir. Bu aspektdə, üç aylıq qrafik üzrə hasilat planlarımızın icrasına başlanması üçün vəziyyət münasibdir. Neft bazarında müsbət tendensiyalarla yanaşı, eyni zamanda, risklərin hələ də qalması hasilat artımının nəzərdə tutulan həcmlər çərçivəsində olmasını, kvotaların aşılmamasını və kompensasiyaların yerinə yetirilməsini zəruri edir. Hesab edirəm ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının öhdəliklərinə sadiqliyi irəlidə də neft bazarına lazımi dəstəyi təmin edəcək”.

Xatırladaq ki, 2021-ci ilin 1 aprel tarixində “OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 mln. barel, iyunda, 6,2 mln. barel, iyulda isə 5,76 mln. barel həcmində olmasına dair üç aylıq plan qəbul edilib.

Emil İsmayılov

Digər xəbərlər