Azərbaycanın gələn il büdcə gəlirlərinin 54%-i neft sektorunun payına düşəcək

Azərbaycanın gələn il büdcə gəlirlərinin 54%-i neft sektorunun payına düşəcək
# 21 dekabr 2020 13:24 (UTC +04:00)

Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2%-i və ya 13 776 mln. manatı neft sektorunun, 45,8%i və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.

"APA-Economics"in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatda deyilir.

Qeyd olunub ki, 2020-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 214 mln. manat və ya 1,5% az, qeyri-neft sektorunun gəlirləri isə 1 517 mln. manat və ya 15% çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 171,4 mln. manat və ya 1,3%, qeyri-neft sektorunun gəlirləri isə 1 037,5 mln. manat və ya 9,8% çoxdur.

"Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 88,6%-i və ya 12 200 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4%-i və ya 1 576 mln. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir", - izahatda deyilir.

Qeyd edilir ki, vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1 136,0 mln. manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 440 mln. manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə

daxilolmaların müvafiq olaraq 72,1 və 27,9%-i təşkil edir. SOCAR və onun törəmə müəssisələri tərəfindən 1 136 mln. manat məbləğində dövlət büdcəsinə vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 104,0 mln. manat və ya 8,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 273,3 mln. manat və ya 19,4% azdır.

"Azalmanın əsas səbəbi növbəti il üzrə xam neft ixracının azalması, təbii qazın ixrac qiymətinin aşağı düşməsi, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixindən ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər və xidmətlər) üçün faktiki ödənişin aparıldığı vaxt sayılmasının Şirkətin vergi öhdəliklərinə təsirinin nəzərə alınması olub", - izahatda vurğulanır.

Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 440 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozundan 110 mln. manat və ya 20%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 391 mln. manat və ya 47,1% azdır. Azalmanın səbəbi "OPEC+" sazişi çərçivəsində satış üzrə neft həcmlərinin azalması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR