"Azərikimya"da yenidənqurma işləri yekunlaşmaq üzrədir

"Azərikimya"da yenidənqurma işləri yekunlaşmaq üzrədir
# 11 sentyabr 2020 16:06 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” Layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı poletilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammallar və enerjidaşıyıcılarla təmin edilməsi məqsədi ilə “Azərikimya” İB-nin “EP-300” qurğusunda daha çox məqsədli məhsullar istehsal olunması üçün mərhələlərlə modernizasiya və yenidənqurma işlərinə başlanılmış və hazırda sözügedən layihə yekun fazasına daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, layihənin icrasına lisenziar və baş podratçı qismində 2016-cı ildə dünyanın tanınmış Technip şirkətinin İtaliya ofisi cəlb edilib. Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra “Azərikimya”da əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, mövcud qurğuların etibarlılığı və səmərəliliyi yüksələcək və müasir standartlara cavab verən yüksək keyfiyyətli rəqabətə davamlı məhsulların istehsalı üçün təminat yaranacaq.

Hazırda layihə çərçivəsində (1-ci faza) “Azərikimya”da yeni 4 ədəd piroliz sobaları, quru qazın təmizlənməsi qurğusu, etilen və propilen saxlama anbarları, hidrogenin alınması və zənginləşdirilməsi və PPF-in təmizlənməsi qurğuları tikilmiş, bir sıra mövcud qurğu və avadanlıq əsaslı şəkildə rekonstruksiya olunmuş, zavodda yeni avtomatika-idarəetmə sistemi tətbiq edilib.

Cari ilin 5 avqust tarixindən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusun yeni konfiqurasiyada istismara verilməsi məqsədi ilə zavodun fəaliyyətinin planlı dayanması baş verib. Bu dayanma zamanı yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bütün tikinti-quraşdırma işlərinin tamamlanması və sazlama işlərinin aparılması gözlənilir. Oktyabr ayında zavodun istehsalat fəaliyyəti bərpa olunandan dərhal sonra yeni qurğuların mərhələli şəkildə istismara verilməsi və beləliklə də 2020-ci ilin 4-cü rübündə cari layihənin tam olaraq başa çatdırılması nəzərdə tutulur.

Görüləcək moderinizasiya işləri nəticəsində Buxar Turbogenerator qurğusunda layihə gücünün 32 Mvt/saatdan 65 Mvt/saata çatdırılması planlaşdırılır. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yüksək gərginlikli yarımstansiya Etilen-polietilen zavodunun ərazisinə köçürülərək tam olaraq yenidən qurulur.

Layihə başa çatdıqdan sonra “Azərikimya” İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 32 Mvt.s elektrik enerjisinə olan tələbatı ( EP-300 və Polimir-120 qurğularında) tam olaraq qarşılanacaq, qurğunun istehsal etdiyi izafi 33 mvt.s elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülməsi imkanını yaradacaq.

Hazırda layihə üzrə işlərin 65%-i icra olunub və onun tam olaraq 2021-ci ilin 2-ci rübündə yekunlaşması nəzərdə tutulub.

Bu günlərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olmuş, moderinizasiya, yenidənqurma və təmir işlərinin qrafikə uyğun başa çatdırılması üçün müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2 000 nəfər olub ki, bunların 95% -ə qədəri yerli mütəxəssislərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR