BƏƏ "OPEC+" sazişini tərk edə bilər

BƏƏ "OPEC+" sazişini tərk edə bilər
  • Clock-gray 12:50
  • calendar-gray 19 Noyabr 2020

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft müttəfiqləri Səudiyyə Ərəbistanı və Rusiya ilə münasibətlərdə gərginlik dərəcəsini artırıb, ölkə "OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansından çıxmağı düşünür.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" mənbələrinə istinadən xəbər verir.

"Bu, qeyri-adi bir hərəkətdir, çünki BƏƏ uzun müddətdir ictimai münaqişələrdən çəkinir, mübahisələri diqqəti cəlb etmədən bağlı qapılar arxasında həll etməyə üstünlük verirdi", - məlumatda deyilir.

Məlumata görə, BƏƏ-nin razılaşmadan çıxması xəbərdarlığının istehsal səviyyəsi ilə bağlı danışıqları təşviq etmək üçün bir manevrin olub-olmadığı və ya həqiqət olması hələ bilinmir.

Agentliyin mənbələrinin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginlik yayın sonundan, BƏƏ-nin "OPEC+" razılaşmasında nəzərdə tutulan kvotadan artıq neft hasil etməyə başladığından etibarən artmaqdadır. Hazırda isə vəziyyət razılaşma çərçivəsində kvotaların bölüşdürülməsindən BƏƏ tərəfindən artan narazılıq fonunda daha da pisləşib.

Məlumatda BƏƏ-nin "OPEC+" razılaşmasından çıxması barədə rəsmi siqnalların olmadığı qeyd edilir.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

Emil İsmayılov

Digər xəbərlər