BTC üzrə əməliyyat və əsaslı xərclər ötən il azalıb

BTC üzrə əməliyyat və əsaslı xərclər ötən il azalıb
# 04 fevral 2021 11:34 (UTC +04:00)

Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 111 mln. ABŞ dolları sərf edilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 19,6% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, əsaslı xərclərə isə təqribən 29 mln. dollar sərf edilib (-34%).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 mln. tondan artıq (3,57 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Ötən il BTC vasitəsilə 27,8 mln. ton (-10,3%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib (-6,1%).

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), AzBTC (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR