BTC üzrə əməliyyat xərcləri bu ilin I rübündə 25 mln. dollar olub

BTC üzrə əməliyyat xərcləri bu ilin I rübündə 25 mln. dollar olub
# 12 may 2020 11:38 (UTC +04:00)

Bu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 25 mln. ABŞ dolları sərf edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü üzrə göstəricisinə bərabərdir.

APA-Economics”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, əsaslı xərclərə isə təqribən 3 mln. dollar sərf edilib (iki dəfə azalma).

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 mln. tondan artıq (3,41 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 457 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

“Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 mln. ton (58 mln. bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib”, - hesabatda qeyd edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR