Bir sıra "OPEC+" ölkəsi neft hasilatının azaldılması qrafikini təqdim edib

Bir sıra "OPEC+" ölkəsi neft hasilatının azaldılması qrafikini təqdim edib
# 24 iyun 2020 14:38 (UTC +04:00)

"OPEC+" razılaşması çərçivəsində may ayı üzrə kvotalarını tam təmin etməyən ölkələr OPEC katibliyinə çatışmayan həcmlərinin kompensasiyası qrafikini təqdim edib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Rusiyanın Energetika naziri Aleksandr Novaka istinadən xəbər verir.

Onun sözlərinə görə, "OPEC+"un nazirlərinin monitorinq komitəsinin iclasında (bu ilin iyunun 18-də keçirilib – red.) müzakirə edilən və kvotalarını əhəmiyyətli dərəcədə təmin etməyən ölkələr kompensasiya etmə qrafikini artıq təqdim edib.

A. Novak onu da qeyd edib ki, Rusiya üzərinə götürdüyü öhdəliklərin tam təmin edilməsi məsələsinə sadiqdir.

Qeyd edək ki, may ayının nəticələrinə görə İraq, Qabon, Qazaxıstan, Nigeriya və Anqola kimi ölkələr "OPEC+" yeni razılaşması çərçivəsində nəzərdə tutulan hasilatın azaldılması həcmlərinin əhəmiyyətli dərəcədə yerin yetirməyib.

Azərbaycan may ayında üzərinə götürdüyü öhdəlikləri 98%-dən çox yerinə yetirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR