CEPI üzrə anlaşma memorandumu imzalanıb

CEPI üzrə anlaşma memorandumu imzalanıb
  • Clock-gray 16:25
  • calendar-gray 14 Sentyabr 2020

Bu gün SOCAR-ın “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Environmental Protectıon Initiatıve – CEPI CEPI) üzrə Anlaşma Memorandumunun imzalanma tədbiri keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın təşəbbüsü əsasında SOCAR, “KazMunayGas”, BP, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə yaradılmış CEPI çərçivəsində Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması nəzərdə tutulur.

CEPI-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbiri açılış nitqi ilə başlayaraq Təşəbbüsün gələcək fəaliyyəti və nəzərdə tutulan planlar haqqında məlumat verib.

Anlaşma memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qari Cons, “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən imzalanıb.

Tədbirdə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin İnkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti müşahidəçi qismində iştirak ediblər.

Qeyd edək ki, “Rosneft”, “Gazprom” və “Eni” şirkətləri CEPI-yə üzv kimi, BMT, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı isə müşahidəçi qismində qoşulmaqları haqqında öz niyyətlərini bəyan ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris Sazişini imzalayaraq, istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərmişdir. Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir.

APA-Economics

Digər xəbərlər