Cənubi Qafqaz kəməri üzrə əsaslı xərclər ötən il 90% azalıb

Cənubi Qafqaz kəməri üzrə əsaslı xərclər ötən il 90% azalıb
# 06 fevral 2020 15:27 (UTC +04:00)

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əsaslı xərclər 34 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 90,3% azdır.

APA-Economics”in BP-in (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü CQBK və CQBKG üzrə əməliyyat xərcləri təqribən 48 mln. dollar olub (23,1% artım).

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Hesabata əsasən, 2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 mln. kubmetr olub, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 26,1% artım deməkdir.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “SGC Midstream” (6,7%), PETRONAS (15,5%), LUKOYL (10%), NIKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR