"Dədə Qorqud" qurğusu yeni qazma üçün hazırlaşdırılacaq

"Dədə Qorqud" qurğusu yeni qazma üçün hazırlaşdırılacaq
  • Clock-gray 17:16
  • calendar-gray 19 Mart 2020

Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən "Qarabağ" yatağından "Dədə Qorqud" üzən qazma qurğusu kiçik təmir üçün sahilə göndəriləcək.

Bunu "APA-Economics"ə Norveçin "Equinor" şirkətindən bildiriblər.

Qeyd edək ki, bu ilin martın 19-da SOCAR və “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. "Qarabağ" yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın "Caspian Drilling Company" qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində "Dədə Qorqud" üzən qazma qurğusu ilə qazılıb. Yatağın məhsuldar layları 3,4 km dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

Onu da əlavə etmək lazımdır ki, “Qarabağ”-da aparılan işlərdən sonra "Dədə Qorqud" qazma qurğusunu “Aypara” perspektiv strukturuna yönəldiləcəyi planlaşdırılır. Burada qurğu kəşfiyyat quyusunu qazacaq.

«"Qarabağ" yatağında KPS-4 quyusunda işləri tamamladıqdan sonra “Dədə Qorqud” qurğusu ("Aypara" perspektiv strukturundan əvvəl – red.) kiçik təmir üçün sahilə göndəriləcək. Təmir işlərinin nə qədər çəkəcəyini bilmirik», - şirkətdən bildirilib.

Xatırladaq ki, qazılacaq quyunun layihə dərinliyi 3 900 metrdir. Qazma işi 60 ilə 70 gün arasında davam edəcək. Qazma sahəsindəki dəniz dərinliyi 140 metrdir.

SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

"Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date