EIA: Neft tələbatının bərpa tempi "OPEC+" çərçivəsində tədarükün planlı artırılmasına təsir edə bilər

EIA: Neft tələbatının bərpa tempi "OPEC+" çərçivəsində tədarükün planlı artırılmasına təsir edə bilər
  • Clock-gray 13:21
  • calendar-gray 11 Noyabr 2020

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci ilin birinci yarısı üçün gündəlik xam neftin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 27,9 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,5 mln. barel azdır.

Daha aşağı proqnoz EIA-in Liviyada 2021-ci ilin əvvəlindən neft hasilatının artacağı  ehtimalına baxmayaraq verilib.

Hesabatda qeyd edilir ki, COVID-19-a yoluxma hallarının artması riski qlobal neft istehlakının bərpası üzrə proqnozların verilməsi üçün də mənfi şərait yaradır. Belə ki, Agentliyin proqnozuna görə, bu ilin IV rübündə və 2021-ci ilin ilk yarısında qlobal gündəlik neft istehlakı 97,3 mln. barel səviyyəsində olacaq, bu isə əvvəlki proqnozdan 0,4 mln. barel azdır.

Qeyd olunur ki, neft tələbatının bərpa tempi təkcə kommersiya neft ehtiyatlarının azalmasına deyil, həmçinin "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində neft tədarükünün artırılması üzrə planlara da təsir göstərə bilər.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri 2021-ci ilin yanvarın 1-dən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması kvotasının 7,7 mln. bareldən 5,8 mln. barelədək endirilməsi planlaşdırılıb.

Emil İsmayılov

Digər xəbərlər