EIA: "OPEC+" gələn ilin əvvəlində razılaşmanı tam yerinə yetirəcək

EIA: "OPEC+" gələn ilin əvvəlində razılaşmanı tam yerinə yetirəcək
# 09 dekabr 2020 11:17 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci ilin birinci yarısı üçün gündəlik xam neftin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 27,9 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,4 mln. barel azdır. Proqnoza əsasən, 2020-ci ildə bu göstəricinin 25,6 mln. baler səviyyəsində olacağı gözlənilir.

Bununla yanaşı, Agentlik "OPEC+" (OPEC-in və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) tərəfindən neft hasilatı üzrə bu ilin dekabrında əldə olunduğu razılaşmalarının tam yerinə yetirilməsini gözləyir.

"Energetika İnformasiyası Administrasiyası güman edir ki, "OPEC+" gələn ilin əvvəlində bu razılaşmanı tam yerinə yetirəcək", - hesabatda deyilir.

EIA-in proqnozuna görə, gələn ilin I rübündə OPEC üzrə gündəlik ortalama neft hasilatı 25,7 mln. barel olacaq.

Qeyd edək ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Cari ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq razılaşmanın iştirakçısı kimi ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkə üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR